Webfont (yeni)
Google Fonts istifadə edərək azərbaycanca yaza bilmək
İllərdir Google Fontsu bütün dünya yeyib istifadə edir, bizə (azərbaycanlı vebdizaynerlərə) isə ancaq baxmaq qalırdı. Problemi hər kəs bilir: kiçik ə hərfi fontlarda yoxdur. Daha doğrusu elə bilirdik. Ta ki, Tural Əlisoyun #GDAZ-dakı postunu oxuyana qədər. Anladım ki, əslində "ə" hərfini ehtiva edən onlarla sayda font varmış, xəbərim yox. O saat, tez bir HTML-də mətn yazıb fontların birini yoxladım, alınmadı. Gözlərimə inanmıram, Google-un saytında yoxlayıram "ə" hərfi var, amma mən kodda yoxlayıram çıxmır. Təbii ki, "subset" olaraq "latin-ext" seçirəm ki, latın hərflərinin hamısını göstərsin.. Böyük "Ə" hərfi göstərir, amma kiçik "ə" yoxdur ki, yoxdur. Problemin nədə olduğunu araşdırıb tapdım (çünki, tibbdə də belədir, gərək əvvəl xəstəliyin diaqnozunu qoyasan ki, müalicə də edə biləsən). Deməli, bizim "ə" heç bir Latin-Extended (A, B, C, D) siyahısında yox imiş. IPA extension deyilən cədvəldə imiş (buna da şükür). Di gəl ki, Google hələ "IPA" subset çıxarmadığı üçün ə hərfini istifadə etməyin başqa bir yolunu tapmalıydım və tapdım.
Ümumiyyətlə, webfontları web səhifələrdə necə istifadə olunmasını izah edən link buradadır.(ingiliscə)İstifadə etmək istədiyimiz fontun CSS linkində fontun adından dərhal sonra altdakı mətni kopyalayıb yapışdırırsınız:
Misal üçün, Roboto Condensed fontunu istifadə etmək istəyirsinizsə Google Sizə belə bir link təklif edəcək:
<link href="https://fonts.googleapis.com/css?family=Roboto+Condensed" rel="stylesheet">
Siz isə həmin linki öz saytınıza bu şəkildə yerləşdirməlisiniz:
<link href="https://fonts.googleapis.com/css?family=Roboto+Condensed&text=%21%22%23%24%25%26%27%28%29%30+,-./0123456789:;%3C=%3E%3F@ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ[\]^_`%E2%82%AC„‘’“”™©®°µ±÷abcdefghijklmnopqrstuvwxyz{|}~%C3%9C%C3%96%C4%9E%C4%B0%C6%8F%C3%87%C5%9E%C3%BC%C3%B6%C4%9F%C4%B1%C9%99%C3%A7%C5%9F" rel="stylesheet">
Aşağıda font qrupların siyahısı var, adlarının üzərinə tıqlasanız Sizi Google Fontsa götürəcək.